Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmlinin Bakının Nizami rayonunda yerləşən Davud Aslan küçəsindəki ət kombinatının ərazisində baş verən yanğın hadisəsini işıqlandırarkən fiziki hücuma məruz qalması, təhqir olunması və peşə fəaliyyətinə maneə törədilməsini qəbuledilməz adlandırıb. Şura rəhbəri jurnalistin ictimai əhəmiyyət daşıyan məlumatları toplama və cəmiyyətə çatdırma missiyasını vurğulayaraq, bu fəaliyyətə qarşı zorakı müdaxilələrin yalnız onun hüquqlarına deyil, informasiya əldə etmə və yayma azadlığına da zərbə olduğunu ifadə edib.
O bildirib ki, heç kim jurnalistin peşə fəaliyyətinə müdaxilə edə bilməz, onu təhqir edə və texniki avadanlığına zərər vura bilməz. Hadisə yerində təhlükəsizlik və qanunauyğunluq təmin edilməli, jurnalistlərin fəaliyyəti əsassız məhdudlaşdırılmamalıdır. Zifəroğlu hadisənin aidiyyəti üzrə bütün qurumlar tərəfindən obyektiv araşdırılacağını və zorakılıq törədən şəxsin hüquqi qiymət alacağını əlavə edib.
Qeyd edək ki, ötən gün APA TV-nin əməkdaşı Sənan Bəhrəmlinin peşə fəaliyyəti zamanı zorakılığa məruz qaldığı bildirilir. Özünü yanğın baş vermiş kombinatın mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov jurnalistə fiziki xəsarət yetirib, onu təhqir edib və şirkətin texniki avadanlığına zərər vurub. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb, Heydər Sərdarov saxlanılıb.