İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının açılması planına dair vasitəçilərlə məsləhətləşmələrin davam etdiyini bildirib. Nazirə görə, yekun qərar qarşı tərəfin Tehranın suallarına verdiyi cavablardan asılıdır. Əraqçi əlavə edib ki, İranın xarici işlər nazirinin müavini səviyyəsində nümayəndə heyətinin Qətərə səfəri son həftələrdə Tehrana gələn Qətər vasitəçiləri ilə aparılan görüşlərin davam etdirilməsini məqsəd qoyub. Səfər zamanı ABŞ tərəfi ilə danışıqların aparılması nəzərdə tutulmur. Nazir həmçinin ümid etdiyini deyib ki, qarşı tərəf rasional mövqe sərgiləyərək diplomatiyaya üstünlük verəcək. Xatırladaq ki, Əraqçi əvvəllər Hörmüz boğazının açılması planının icra müddətinin iki günə endirilməsi barədə razılıq verdiyini qeyd etmişdi.