Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin olunan Rəşid Şamil oğlu Vəzirovun təqdim olunan bioqrafiyası açıqlanıb. Bildirilir ki, 1979-cu ildə anadan olan Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur və tibb üzrə fəlsəfə doktorudur.
O, ADA Universitetində və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi üzrə təhsil və ixtisasartırma proqramlarında iştirak edib. Diplomatik və tibbi idarəçilik sahəsindəki bu təcrübəsi onun müxtəlif vəzifələrdə çalışmasına zəmin yaradıb: Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif funksiyalarda işlədikdən sonra 2018-ci ilin noyabrında Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunub.
Səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və iri miqyaslı tibbi təminat tədbirlərinin təşkili sahələrində uzun illər fəaliyyət göstərən Vəzirov daha öncə Formula 1 yarışlarında tibbi təminat üzrə baş həkim, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub. 2017-ci il Islam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi də fəaliyyət göstərib.
Karyerası boyunca Beynəlxalq Qızıl Xaç Komitəsi və Qlobal Fonddan olan QİÇS, Vərəm və Malariya ilə Mübarizə layihələrində də çalışıb.