İşdən ayrılan şəxslərin son əməkhaqqının, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və digər ödənişlərin nə vaxt verilməli olduğu əmək münasibətlərində aktual məsələdir.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a bildirib ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən əsaslandırılmış əmrlə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanmış müqavilələrə xitam verildikdə bu əmri elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanır və işçinin elektron kabinetində yerləşdirilir.

Vəkilin sözlərinə görə, müqavilə xitam verildiyi anda son haqq-hesab da aparılmalıdır. Ödənişlərə işçinin işlədiyi müddətə görə qazanılmış əməkhaqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlər daxildir.

Nəticədə, əmək münasibətləri ləğv edilərkən işəgötürən işçiyə nəzərdə tutulmuş məbləğləri qanunçuluğun tələblərinə uyğun hesablayıb və sonuncu iş günündə ödənməlidir.