Yunanıstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Konstantinos Floros ANT1 televiziya kanalında Türkiyə əleyhinə sərt açıqlamalar səsləndirib. Floros Türkiyə ilə bölgədə artan nüfuz məsələsinə toxunaraq, lazım gələrsə Yunanıstanın hərbi yolla cavab verəcəyini vurğulayıb. O, həmçinin Yunanıstanın baş naziri Kiriakos Mitsotakis’in BMT Təhlükəsizlik Şurasında Türkiyə ilə Liviya dəniz səlahiyyətlərinin məhdudlaşdırılmasına dair müqaviləyə dair tənqidlərini qeyd edib və Afina ilə Ankara arasındakı “qırmızı xətləri” beynəlxalq ictimaiyyətə çatdırmağı bacardığını bildirib.

Floros Ankaranın bölgədəki gücünü gündən-günə artırdığını qeyd edib və Türkiyənin qəti mövqeyi qarşısında ehtiyac yaranarsa yerindəcə cavab verəcəklərini ifadə edib: “Ankara mütəmadi olaraq öz qətiyyətini nümayiş etdirir. Lakin heç kimin şübhəsi olmasın: ehtiyac yaranarsa, biz elə yerindəcə elə cavab verəcəyik ki, onlar bunu başa düşəcəklər. Bunu da uğurla həyata keçirəcəyik.”

Qeyd edək ki, bu, Florosun sabiq vəzifəsi dövründə verdiyi ilk hədələyici açıqlama deyil. Bundan əvvəl o, “Proto Thema” qəzetinə müsahibəsində Yunanıstanın torpağına ayaq basan hər kəsi əvvəlcə yandıracağını deyərək sərt hədə-qorxular yönəltmişdi.