Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhərində yerləşən SOCAR-ın Azərikimya İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda “Neft-kimya məhsullarının istehsalı müəssisələrində yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Təlim neft-kimya məhsulları istehsal olunan obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi və obyektin heyətinin ilkin davranış qaydaları üzrə biliklərinin artırılması məqsədini daşıyıb. Ərazidə baş vermiş şərti yanğın yerinə operativ çatışan Dövlət Yanğından Mühafizə Xidməti yanğından mühafizə bölmələri zavod əməkdaşlarının təhlükəli ərazidən təxliyə edilməsini, yanğın yerində çevik kəşfiyyatın aparılmasını və yanğının söndürülməsi əməliyyatını yerinə yetiriblər. Təlimin uğurlu keçdiyi bildirilib, nəticələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.