Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq səviyyədə artan sərnişin axınını qarşılayaraq səyahət imkanlarını genişləndirmək məqsədilə 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys təşkil edəcək.
KONKRET.az xəbər verir ki, qurum bu yeniliyi ictimaiyyətə açıqlayıb. Artırılan reyslər nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatacaq ki, bu da təxminən 50 faizə yaxın artımdır.
Yeni reyslər ilə sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanı yaranır. Əlavə reyslərdə standart sinif üzrə biletlərin qiyməti 36 AZN-dən başlayacaq və sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Bakı–Tbilisi istiqamətində bir istiqamətə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.
Xatırladaq ki, hal-hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56,80 AZN-dir.
Əlavə reyslərə gecə ilə yanaşı, gündüz səfərlərini də daxil etmək nəzərdə tutulub ki, sərnişinlər öz planlarına uyğun səyahət vaxtını seçə bilsinlər.
Yeni qrafikə əsasən mövcud Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşüb növbəti gün saat 08:41-də Tbilisiyə çata bilir. Tbilisidən isə saat 11:00-da yola çıxaraq saat 20:26-da Bakı Dəmiryol Vağzalında olur.
Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Qayıdış üçün isə əks istiqamətdə səyahət saat 22:00-da başlayacaq və növbəti gün saat 07:57-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə hazırlıq, texniki və təşkilati işləri başa çatdırdıqdan sonra mümkün olub.
ADY qeyd edir ki, beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması və artan tələbatın qarşılanması istiqamətində tədbirlər davam etdiriləcək.