Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın nümayəndəsi kimi Zoomlion tərəfindən Çində keçirilən “Green Leading Win-Win 2027 | Global Business Conference” tədbirində Prime Leasing şirkəti təmsil olunub. Yüksək səviyyəli konfransda dünyanın 20-dən çox ölkəsindən gələn 1000-dən artıq dileri və aqrar sektorun nümayəndələri iştirak edib.

Tədbir aqrar sahədə qlobal texnoloji inqilaba meydan oxuyub. Konfrans çərçivəsində 1600 at gücünə malik olan traktor rəsmi olaraq təqdim olunub. Həmçinin Zoomlion DV350 hibrid traktoru beynəlxalq müsabiqədə iki nominasiyada qalib kimi tanınıb və böyük maraq doğurub.

Ölkəmizdə müasir texnologiyaların fermerlər üçün əlçatanlığını artırmaq və aqrar sahənin inkişafını dəstəkləmək məqsədilə Prime Leasing beynəlxalq miqyasda təltif edilərək “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb.

Tədbirin ən əhəmiyyətli məqamlarından biri isə innovativ texnologiyalara maraq göstərən və Azərbaycanda tətbiqində xüsusi rol oynayan fəal fermerlərin səfərə dəvət olunması və bu səfərin Prime Leasing tərəfindən təmin olunmasıdır. Fermerlər dünyanın ən son aqrotexnoloji həlləri ilə yerində tanış olmaq imkanını əldə ediblər.

Prime Leasing olaraq qlobal innovasiyaları Azərbaycan fermerlərinə ən sərfəli şərtlərlə çatdırmağa və kənd təsərrüfatımızın inkişafına töhfə verməyə davam edir.