Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Azərbaycan tərəfi son dövrlərdə Rusiya media və informasiya məkanında ölkəmizə, xalqımıza və rəhbərliyə qarşı səsləndirilən təxribatçı, təhqiredici və təhdid məzmunlu açıqlamalarla bağlı ciddi narahatlığını və qəti etirazını çatdırıb.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, xüsusilə 13 avqust 2026-cı il tarixində "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqına və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət yetirilib.

Həmçinin 7 avqust tarixində "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi ilə bağlı səsləndirilən iddialar, 9 avqustda "YouTube" platformasında və 16 avqustda "Spas" telekanalında yayımlanan yenidən təhqir xarakterli materiallar və təxribatçı fikirlər xatırladılıb.

Nazirlik vurğulayıb ki, Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə olunması və Azərbaycan xalqına və rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışların səsləndirilməsi qəbuledilməzdir.

XİN bildirib ki, məsələnin müxtəlif siyasi səviyyələrdə dəfələrlə müzakirə edilməsinə və çağırışlara baxmayaraq oxşar ritorikanın daha sərt formada davam etməsi böyük narahatlıq yaradır və Rusiyanın informasiya məkanında belə ritorikaya son qoyulması məqsədilə təcili və təsirli addımların atılması gözlənilir.

Baş prokurorluğun məlumatına görə, avqustun 17-də Rusiya vətəndaşları — "Moskva 24" telekanalının aparıcısı jurnalist İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və televiziya müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili üzrə tədbirlər görüldüyü elan edilib.

Həmin şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına və terrorçuluğa çağırışlarda ittiham edilirlər. Onlar barədə cinayət işi başlasa da, ölkə hüdudlarından kənarda olduqları üçün axtarış elan edilərək məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Prokurorluq bildirir ki, iyulun 14-də və avqustun 13-də "YouTube"da "Семён Уралов" kanalında yayımlanan "Чистота понимания" verilişində həmin şəxslər Azərbaycana qarşı zorakı üsulların tətbiqini, ayrı-ayrı şəxslərin məhv edilməsini və ünvanlı sıradan çıxarılmasını təklif edən, terrorçuluğa çağırış xarakterli fikirlər səsləndiriblər.