Yaxın gələcəkdə Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək. NOCOMMENT.Aaz xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəsi Adam Xakimov “Zvezda” telekanalının “Voennaya priemka” verilişində müsahibəsində bildirib. O qeyd edib ki, çox qısa müddət ərzində Moskva-Bakı marşrutu üzrə kruiz laynerinin fəaliyyətə başlaması planlaşdırılır.
Ticarət nümayəndəsinin sözlərinə görə, bu səyahət su ilə reallaşdırılacaq və ümumilikdə 14 gün davam edəcək: yeddi gün səyahət, yeddi gün Bakıdan dönüş. Xakimov əlavə edib ki, səfərlərin yalnız lüks sinfə aid gəmi ilə təşkil olunacağı nəzərdə tutulub.
Layihə birbaşa dövlət dəstəyi ilə həyata keçirilir və gəmlərin inşasına Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiya ayrılır. “Hazırda tam istifadəyə yararlı bir gəmi mövcuddur və daha iki gəminin inşası başa çatmaq üzrədir. Bu layihə uğur qazanarsa, digər iki gəminin də Bakı istiqamətində hərəkət etməsinə ümid edirik”, - deyə nümayəndə vurğulayıb.