Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalması səbəbindən istefa ərizəsini krala təqdim edib. Kral sarayının rəsmi bəyanatında bu məlum olub. Adətən monarx hökumət başçısının ilk istefa müraciətini qəbul etmir və ona danışıqları davam etdirmək üçün əlavə vaxt verir. Bu addım isə siyasi böhranın qarşısını almaq məqsədilə partiyalar arasında kompromis əldə olunması ehtimalını yaradır.
Belçika hökumətinin büdcəsində hər il təxminən 10 milyard avroluq çatışmazlıq yaranır. Hərbi xərclərin artdığı bir vaxtda bu vəsaitin ya sosial xərclərin azaldılması, ya da vergilərin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur. 2025-ci ildə Belçikanın dövlət borcu 735 milyard avroya, yəni ümumi daxili məhsulun 110 faizinə çatıb. Bart De Vever büdcə kəsirinin yeni borclanmalar hesabına bağlanmasının və dövlət borcunun daha da artmasının qarşısını almağa çalışır.