Qafqaz News Oxu.az-a istinadən xəbər verir ki, Türkiyədə istifadə müddəti keçmiş xərçəng dərmanlarını qablaşdırmasını dəyişdirərək ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkə üzrə genişmiqyaslı əməliyyat keçirilib. 11 bölgədə həyata keçirilən əməliyyatda 22 nəfərin saxlandığı açıqlanıb. İstintaq çərçivəsində əlavə olaraq iki şübhəlinin tutulması üzrə çalışmalar davam edir. Şübhəli şəxslərin və onlarla əlaqəli şirkətlərin ümumi əməliyyat həcminin təxminən 650 milyon lirə olduğu müəyyənləşdirilib. Əməliyyat zamanı məlum olub ki, şəbəkə onkoloji xəstəliklərdən əziyyət çəkən insanların həyatını təhlükəyə ataraq, istifadə müddəti bitmiş dərmanları yenidən qablaşdırıb və həm Türkiyə daxilində, həm də xarici ölkələrdə satışa çıxarıb. İstintaq çərçivəsində üçü dövlət qulluqçusu olmaqla, ümumilikdə 24 şübhəli, dörd şirkət və beş iş yeri müəyyən edilib. Cinayət yolu ilə əldə edildiyi bildirilən daşınar və daşınmaz əmlaklara, eləcə də bank hesablarına həbs qoyulub.