Braziliyada Amazon sahillərinin yaxınlığında həcmi təxminən 10 milyard barelə qədər olan neft ehtiyatları müəyyən edilib.

Yeni yataqların Amapa ştatının sahillərindən təxminən 180 kilometr aralıda yerləşdiyi bildirilir. İlk qiymətləndirmələrə görə, həmin ərazidəki xammalın dəyəri 720 milyard dollar civarında ola bilər.

Prezident Luis İnasiu Lula da Silva mətbuat nümayəndələri önündə içərisində neft olan bir şüşəni nümayiş etdirib və tapıntının ölkə üçün böyük imkanlar yaratdığını vurğulayıb.

Dövlət rəhbəri hasilatın həyata keçirilməsində ekoloji standartlara riayət olunacağını bildirib. Eyni zamanda hökumət resursdan iqtisadi artım üçün istifadə etmək niyyətini açıqlayıb.

Dövlətə məxsus Petrobras şirkətinin baş direktoru Maqda Şambriar bununla bağlı nikbin olduğunu söyləyib, lakin dəqiq həcm və qiymətlərin əlavə kəşfiyyat işlərindən sonra müəyyənləşəcəyini qeyd edib.