Azərbaycan Mətbuat Şurası bildirir ki, Rusiyanın müəyyən kütləvi informasiya vasitələrində ölkəmizə, xalqımıza, dövlət rəhbərliyinə və görkəmli şəxslərə qarşı nalayiq, hədələyici və təhqiredici məzmunlu materiallar yayımlanmaqdadır.

Şura qeyd edir ki, belə praktikalar sivil jurnalistika normalarına, etik prinsiplərə və ümumi insani dəyərlərə ziddir və Rusiyanın informasiya məkanında bu cür hallar davamlı şəkildə müşahidə olunur.

Bəyanatda vurğulanır ki, bu tip materiallar Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna və ölkələrarası media əlaqələrinə uyğun gəlmir. Mətbuat Şurası həmçinin xatırladır ki, Azərbaycan mediası qonşu ölkələrə, o cümlədən Rusiyaya münasibətdə həmişə peşəkar yanaşma nümayiş etdirib və subyektiv iddialara yer verməyib.

Şura bildirir ki, bu kimi halların Rusiyanın informasiya məkanında təkrarlanması Azərbaycan ictimaiyyətində dərin narazılıq və təəssüf hissi yaradır və bu vəziyyət kəskin şəkildə pislənir.

Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə və bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan–Rusiya media əlaqələrini və xalqlar arasındakı dostluq münasibətlərini zədələyə biləcək hallara qarşı ciddi addımlar atılmasına çağırıb.

Bəyanatda əlavə olunub ki, Azərbaycan dövlətinə, xalqına və onların görkəmli nümayəndələrinə qarşı təhqiramiz və təhdid xarakterli fikirlərə yol verilməsi qəbuledilməzdir və belə ifadələri səsləndirən şəxslər hüquqi məsuliyyət daşıyırlar.

Şura həmçinin qeyd edib ki, Rusiya informasiya məkanında sərt qanunvericilik tətbiq olunmasına baxmayaraq, belə materialların sistemli şəkildə ortaya çıxması onların dövlət siyasəti səviyyəsində təsdiqlənməsi kimi qəbul edilə bilər və bu məsələ ilə bağlı xəbərdarlıq verilib.