Azərbaycanda bir sıra hərbçilərin cərimə və həbs edilmə ehtimalı gündəmdədir. Bakupost-un Oxu.Az-a istinadən verdiyi xəbərə görə, Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi bu məsələni əhatə edir.

Layihəyə əsasən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır. Həmin şəxslərin hərbi hissədən və ya xidmət yerindən özbaşına çıxması ilə üzrlü səbəblər olmadan vaxtında gəlməməsi bir gündən artıq, on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək cərimə ilə nəticələnəcək.

Bundan əlavə, işin hallarına və pozuntu törədənin şəxsiyyətinə görə 15 günədək müddətə inzibati həbs tətbiq oluna biləcək. Cari qanunvericiliyə görə isə bu hallar üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək inzibati həbsə səbəb olurdu.

Layihədə qeyd olunur ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur. Bu halda işin hallarına və pozuntu törədənin şəxsiyyətinə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Cari qanuna görə isə 15 gündən bir ayadək inzibati həbs tətbiq olunurdu.

Layihədə vurğulanır ki, həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olacaq. Məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım kimi qiymətləndirilir.