Varşavada hakimiyyət böhranı pik nöqtəyə çatıb. Məhkəmə instansiyaları baş verənləri açıq şəkildə dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər.
NOCOMMENT.az xəbər verir ki, uzun müddətdir hökumətlə məhkəmə sistemi və prezidentlik institutları arasındakı münaqişə artıq açıq qarşıdurmaya çevrilib. Məlumata görə, baş nazir Donald Tuskun tapşırığı ilə hüquq-mühafizə qüvvələri Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alaraq bloklayıb. Eyni zamanda, Tribunalın rəhbəri Boqdan Svençkovski ilə yanaşı, vitse-sədr Bartolomey Soxanskinin də səlahiyyətlərinə xitam verildiyi elan olunub. Paytaxtda gərginlik pik nöqtəyə çatıb, şəhərə əlavə polis qüvvələri yeridilib və aksiyalarda iştirak edən etirazçılar saxlanılıb. Yerli KİV-də hökumət başçısının dövlət başçısını da postundan uzaqlaşdırmağı hədəflədiyi barədə iddialar səslənir. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar xarici səfərini dərhal dayandıran prezident Karol Navrotski təcili şəkildə paytaxta qayıdıb və bütün aparıcı siyasi qüvvələri fövqəladə məsləhətləşmələrə dəvət edib. Güc strukturlarını məhkəmə ətrafından çəkilməyə və qanunçuluğu bərpa etməyə çağıran dövlət başçısı gecəyarısı polis səddini yararaq binanın içinə daxil olmağı bacarıb. Prezident Aparatının rəhbəri Şefernaker isə baş nazir Donald Tuskun birbaşa məsuliyyətə cəlb edilməsini tələb edib. Bütün bu gərginliklərin fonunda binanın qarşısına yığışan narazı kütlə tədricən ərazini tərk edib.
Məsələ ilə bağlı danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki: “Polşadakı bu gərginlik Avropanın mərkəzində ciddi hüquqi və siyasi böhranın dərinləşdiyini göstərir. İcra hakimiyyəti ilə məhkəmə instansiyaları arasında yaranmış qarşıdurma uzun müddətdir davam edən islahatlar çəkişməsinin məntiqi nəticəsidir və bu proses ölkədə demokratik institutların gələcəyini sual altına qoyur. Baş nazir Donald Tusk komandasının sərt addımları və hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi dövlət idarəçiliyində balansın pozulduğunu açıq şəkildə nümayiş etdirir, prezident Karol Navrotskinin qətiyyətli addımları isə tərəflər arasındakı mübarizənin daha da sərtləşəcəyindən xəbər verir. Baş verənlər sadəcə yerli siyasi qüvvələrin çəkişməsi deyil, eyni zamanda Polşanın dövlətçilik tarixində ən dərin institusional böhranlardan biridir və bu qarşıdurmanın həm daxili sabitliyə, həm də ölkənin beynəlxalq nüfuzuna mənfi təsirləri qaçılmaz olacaq”.