Rusiyanın bir sıra bölgələrində siçan qızdırmasına yoluxma halları artmaqda davam edir. Son verilən məlumata görə, ölkə üzrə 1 512 nəfərdə infeksiya aşkarlanıb. Yoluxma qeydləri Nijni Novqorod vilayəti, Saratov vilayəti ilə yanaşı, Tatarıstan, Başqırdıstan və Udmurtiya respublika­larında da müşahidə olunur.

Ekspertlər yoluxma artışının əsas səbəbi kimi payız aylarında gəmiricilərin yaşayış məntəqələrinə, o cümlədən evlərə yaxınlaşması göstərirlər. Soyuq havalar gəmiricilərin isti yerlərə sığınmasına gətirib çıxarır ki, bu da insanların gəmiricilərin ifrazatları ilə təmas ehtimalını yüksəldir.

Xüsusilə bağ evlərinin təmizlənməsi, həyətlərdə tökülmüş yarpaqların toplanması kimi işlər zamanı yoluxma riski artır. Gəmiricilərin ifrazatları ilə çirklənmiş tozun havaya qarışması insan orqanizminə daxil ola bilir.

Siçan qızdırmasının əsas simptomları yüksək hərarət, baş ağrısı, qarın, bel və əzələ ağrılarının müşahidə edilməsidir. Bəzi hallarda üz və bədən üzərində qızartılar da müşahidə olunur.

Həkimlər yoluxma riskini azaltmaq üçün bağlı məkanların təmizlənməsi zamanı qoruyucu maskalardan istifadəni tövsiyə edir. Eyni zamanda gəmiricilərin yuvalarına və ifrazatlarına çılpaq əllə toxunmamaq, təmizlik işlərindən sonra əlləri sabunla yumaq və dezinfeksiya etmək vacib sayılır.