Rusiya Nəqliyyat Nazirliyinin rəhbərinin müşaviri Aleksey Çadayev tutduğu posta istefa edib.

Çadayevin istefası Azərbaycan Baş Prokurorluğunun onun barəsində beynəlxalq axtarış elan etməsindən sonra qeydə alınıb. Vəzifədən getmə qərərinin məhz bu hadisə ilə əlaqəli olduğu bildirilir.

Baş Prokurorluq daha əvvəl Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev haqqında axtarış başladıldığını açıqlayıb. Onların Azərbaycana qarşı zorakılığa çağırışlar, ölkənin konstitusiya quruluşunu dəyişdirməyə və ərazi bütövlüyünü pozmağa yönələn fikirlər səsləndirdikləri, həmçinin terrorçuluğa təhrik etməkdə ittiham olunduqları bildirilib.

Həmin şəxslərin Azərbaycan ərazisindən kənarda olduqları səbəbindən onlara axtarış elan edilib və məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri tətbiq olunub.

Baş Prokurorluq digər dövlət qurumlarına müraciətlər göndərərək və İnterpol vasitəsilə beynəlxalq axtarışın həyata keçirilməsi üçün tədbirlər gördüklərini bildirir.