Rusiyalı telejurnalist Aleksey Çadayev Rusiya nəqliyyat nazirinin ictimai əsaslarla müşaviri postundan istefa verdiyini açıqlayıb.
O, bu barədə Telegram kanalında məlumat yayıb və səlahiyyətlərini dayandırmaq qərarına gəldiyini bildirib. Çadayev bildirib ki, podkastlarda, yazılarında və efirlərdə səsləndirdiyi fikir və qiymətləndirmələrin şəxsi ekspertiza olduğunu vurğulayıb.
O, həmçinin Rusiya Nəqliyyat Nazirliyinin beynəlxalq layihələr, o cümlədən “Şimal–Cənub” nəqliyyat dəhlizinin yaradılması və fasiləsiz tranzit təminatı kimi dövlət funksiyalarını həyata keçirdiyini qeyd edib. Çadayev qərarının arxasında şəxsi açıqlamaların dövlətlərarası əməkdaşlığa mane olmaması prinsipinin dayandığını ifadə edib.
O, fəaliyyətini pilotsuz uçuş aparatları, texnoloji suverenlik, hərbi-mülki inteqrasiya və əlaqəli sahələrdə davam etdirəcəyini bildirib.
Xatırladılıb ki, Baş Prokurorluqda müəyyən şəxslərin Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına və terrorçuluğa çağırışlarda bulunması üzrə cinayət işi aparılır.
İstintaq zamanı Rusiyanın bir neçə vətəndaşı — telekanal aparıcısı İvan Knyazev, siyasi məsləhətçi və media ekspert Semyon Uralov, eləcə də televiziya jurnalisti və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.
Bildirilir ki, həmin şəxslər iyulun 14-də “YouTube”da yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiqinə və ərazi bütövlüyünün pozulmasına yönələn çağırışlar səsləndiriblər. Bundan əlavə, avqustun 13-də yayımlanan verilişdə ayrı-ayrı şəxslərin fiziki məhvetmə təhlükəsi ilə bağlı fikirlər və ünvanlı zorakılıq çağırışları qeydə alınıb.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Cinayət Məcəlləsinin müvafiq maddələri — 214-2, 281.2 və 283.2.1 — üzrə cinayət işi başlanmasını qərara alıb. İbtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev qeyd olunan maddələrlə təqsirləndirilən şəxslər qismində cəlb ediliblər. Onlar ölkə hüdudlarından kənarda olduqları üçün barələrində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri tətbiq olunub.