APA Group-un əməkdaşının peşə fəaliyyətinə müdaxilə edilməsinə dair açıqlama yayıb. Bildirilir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakı şəhəri Nizami rayonu, Davud Aslan küçəsindəki ət kombinatının ərazisində yanğın baş verən vaxt APA TV-nin müxbiri Sənan Bəhrəmli fiziki hücuma məruz qalıb. Hücum edən şəxs özünü mühafizəçi kimi təqdim edib və sonradan Heydər Sərdarov olaraq müəyyənləşdirilən şəxs jurnalisti ağır təhqirlə təhqir edib, APA TV-yə məxsus texniki avadanlığa zərər vurub. Hadisə ilə bağlı araşdırmalar davam edir. Qeyd olunur ki, yaxın günlərdə REAL TV və Space TV-nin əməkdaşları da oxşar hallar ilə üzləşib və hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə həmin şəxslər saxlanılıb.
Açıqlamada jurnalistlərin ictimai əhəmiyyətli hadisələri işıqlandırmaq hüququnun qanunla qorunduğu vurğulanır. Hər kəs, vəzifəsindən asılı olmayaraq, jurnalistin peşə fəaliyyətnə mane olmaq hüququna malik deyil. Təcrübəli media əməkdaşı Sənan Bəhrəmli hadisə yerində yanğın və digər hadisələrin çəkilişi zamanı təhlükəsizlik qaydalarına əməl etdiyini bildirilib. Hadisə yerində onlarla şəxs sosial şəbəkələrdə canlı yayımlar aparıb.
APA Group hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının hadisəni obyektiv araşdıracağını və hüquqi qiymət veriləcəyini, jurnalistə qarşı hücum edən şəxsin cəzalandırılacağını ümid edir.