Noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC rəsmi məlumat yayıb.

Bildirilir ki, reyslərin artırılması ilə sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək ki, bu da təxminən 50 faizə yaxın artımdır.

Əlavə reyslər üzrə standart sinif (əvvəlki plaskart vaqonlar) ilə biletlərin qiyməti 36 AZN-dən başlanacaq. Eyni zamanda yeni, daha ucuz seçim ilə sərnişinlər 30 faiz endirimdən yararlana biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.

Qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56,80 AZN-dir.

Yeni qrafikə uyğun olaraq hazırda fəaliyyət göstərən Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatır. Tbilisidən isə saat 11:00-da yola düşüb saat 20:26-da Bakı Dəmiryol Vağzalına yetişir.

Yeni reys üzrə qatar Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamət üzrə isə qatar saat 22:00-da hərəkətə başlayır və növbəti gün saat 07:57-də Bakıda olacaq.