Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino ilə bağlı yeni maliyyə qalmaqalı gündəmə gəlib. Məlumata görə, qurum rəhbərinin 2024, 2025 və 2026-cı illər üzrə ABŞ-da ödəməli olduğu təxminən 4 milyon dollarlıq vergini öz üzərinə götürdüyü iddia olunur.
Bu məsələ ilə bağlı The New York Times və Le Monde qəzetlərinin apardıqları araşdırmalar aydınlıq gətirib. Nəşrlərin yazdığına görə, FİFA-nın ABŞ-a köçən əməkdaşları üçün tətbiq etdiyi vergi kompensasiyası mexanizmi yalnız qurumun işçilərini əhatə etməli idi. Seçilmiş vəzifəli şəxslərin, o cümlədən prezidentin bu güzəştdən yararlanması nəzərdə tutulmurmuş kimi təqdim olunur.
Araşdırmada bildirilir ki, İnfantinoya belə bir maliyə imtiyazı 2024-cü ildə yüksək vəzifəli şəxslərin maaşlarını müəyyənləşdirən kiçik komitənin qərarı ilə verilib. Lakin bu qərarın FİFA-nın rəsmi sənədlərində əksini tapmadığı iddia olunur. Bu da güzəştin hansı əsaslarla tətbiq edildiyi ilə bağlı suallar yaradıb.
Məsələ ilə bağlı FİFA-nın müstəqil İdarəetmə, Audit və Uyğunluq Komitəsinin rəhbəri Bruno Çiomento haqqında da mənbələrdə iddialar yer alıb. İnfantino ilə təxminən 20 illik dostluq münasibəti olduğu bildirildiyi isveçrəli hüquqşünasın qurum daxilində xüsusi imtiyazlardan yararlandığı qeyd edilir.
Məlumatlara görə, Çiomento 2026-cı il dünya çempionatına qatılmaq üçün xüsusi “çox vacib şəxs” statusu alan yeganə komitə rəhbəri olub. O, bu statusla turnirdə izləmək istədiyi oyunları seçmək imkanına malik olub. Bundan əlavə, digər komitə sədrlərinin maaşları ABŞ dolları ilə ödənildiyi halda, onun illik 250 min İsveçrə frankı məbləğindəki əməkhaqqını İsveçrə valyutası ilə aldığı bildirilir.
Qalmaqal, İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara Satılması ilə bağlı təşəbbüsünün müzakirə edildiyi dönəmdə yayılan xəbərlər ilə üst-üstə düşür. Həmin təklifin tərəfdarları ilə qarşı durduğu, Avropanın mümkün boykot variantını nəzərdən keçirə biləcəyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, İnfantinonun gələn il martın 18-də Kanadanın Vankuver şəhərində keçiriləcək FİFA prezidentliyi seçkisində dördüncü müddətə namizəd olacağı gözlənilir. Onunla rəqabət aparacağını açıqlayan başqa namizəd yoxdur.