Moskva Şeremetyevo beynəlxalq hava limanının yaxınlığında vurulduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. İddialara görə, yanğın hava limanı yaxınlığında yerləşən və Rostneft şirkətinə məxsus neft bazasında qeydə alınıb.

Hadisədən əvvəl Şeremetyevo ərazisində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub. Bu mərhələdə PUA-nın həmin əraziyə düşməsi, dağıntı və insan itkiləri ilə bağlı rəsmi məlumatlar açıqlanmayıb.

Qeyd olunur ki, Moskvanın meri Sergey Sobyanin oktyabrın 31-də paytaxta doğru uçan bir neçə PUA-nın vurulduğunu bildirib.