İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni təyinat qeydə alınıb. Verilən məlumata görə, müvafiq əmrlə Əmiraslan Əliyev Təşkilati risklərin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O, əvvəlcə 2026-cı ilin yanvarından sentyabr ayına qədər Dövlət Vergi Xidmətinin daxili audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan əvvəl o, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində baş audit rəhbəri vəzifəsini icra edib (2023-2025). Əmiraslan Əliyev 2021-2023-cü illərdə “Qala Sığorta” ASC və 2018-2021-ci illərdə “Atəşgah Sığorta” şirkətlərində daxili audit rəhbəri kimi çalışıb. Həmçinin 2015-2017-ci illərdə “Atəşgah Həyat” Sığorta Şirkətində eyni vəzifəni tutub. 2012-2015-ci illərdə “AzerCredit” təşkilatında daxili auditor kimi fəaliyyət göstərən Əliyev, əvvəlcə daxili auditor, sonradan daxili audit departamentinin aparıcı mütəxəssisi olub. Onun iş təcrübəsinə 2011-2012-ci illərdə DNS Computers-də mühasib, 2011-ci ilin yanvarından iyun ayına qədər Nurgun Group-da satınalma üzrə mütəxəssis, eləcə də 2010-cu ilin sonlarından dekabr ayına qədər həmin şirkətdə mühasib vəzifələri daxildir.