Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, 2023-cü ildə dünyada istiliklə əlaqəli ölüm halları rekord səviyyəyə yüksənərək 710 min nəfərə çatıb. Mənbə hesabatında qeyd edilir ki, bu rəqəmin 71,5 faizi iqlim dəyişikliyi ilə bağlı ölümlərdən qaynaqlanır.
Lancet elmi jurnalının illik qiymətləndirməsinə görə son 11 ildə istilər davamlı rekordlar göstərir. 2016-2023-cü illər arasında hər il orta hesabla 540 min insan isti səbəbiylə vəfat edib ki, bunun 68,4 faizi antropogen (insan fəaliyyətləri ilə əlaqəli) iqlim dəyişikliyindən qaynaqlanır. İsti hava ilə əlaqəli ən yüksək ölüm nisbəti isə İnsan İnkişafı İndeksi (İİİ) aşağı olan ölkələrdə qeydə alınıb.
Hesabatda əlavə məlumat verilir ki, 2025-ci ildə yüksək temperatur nəticəsində 573 milyard potensial insan saatı itirilib və bu, 1,07 trilyon dollar gəlir itkisinə bərabər sayılır. İnsan inkişafı indeksi aşağı və orta səviyyəli ölkələr ən çox zərər çəkib və ÜDM-in təxminən 5 faizi ilə 3,7 faizi arasında itki baş verib.
“Lancet”in verdiyi məlumatlara əsasən dünya üzrə quru ərazilər getdikcə daha çox şiddətli quraqlıqla üzləşir. 2006–2015-ci illər arasında dünya quru ərazisinin orta hesabla 28,4 faizi ən azı bir ay şiddətli quraqlıq yaşamışdır. 2016–2025-ci illər ərzində bu pay 41,7 faizə yüksəlib və 2023-cü ildə rekord həddə – 54,9 faizə çatıb.