Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, ibtidai sinif şagirdlərinin ağır məktəb çantaları valideynləri narahat edən əsas məsələlərdən biridir. Uşaqlar hər gün dərslik və dəftərlərlə dolu çantaları daşıyırlar. Bəs bu ağırlıq onların sağlamlığına necə təsir edir və problemin qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev bildirib ki, çantaların ağır olması uşaqların gələcək sağlamlığına ciddi təsir göstərə bilər:
“Bu, onlarda onurğa əyriliyi, skolioz və digər sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Pepperoni pizza
Bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən tədbirlər görülür. Məsələn, son illərdə dərsliklərin daha yığcam formada hazırlanması və hər yarımil üçün ayrıca nəşr edilməsi müşahidə olunur. Lakin bununla paralel olaraq, bəzən sinif müəllimləri, sinif rəhbərləri və digər şəxslər tərəfindən əlavə dərslik və dərs vəsaitlərinin tələb edilməsi şagird çantalarının yenidən ağırlaşmasına səbəb olur. Nəticədə uşaqlarda müxtəlif sağlamlıq problemləri yarana bilər.
Şagirdlərin hər gün bütün kitab və dəftərlərini məktəbə aparmasına ehtiyac yoxdur. Düşünürəm ki, yalnız həmin gün lazım olan və ev tapşırıqlarını yerinə yetirmək üçün istifadə ediləcək dərslikləri özləri ilə götürmələri məqsədəuyğundur. Digər dərsliklərin isə məktəbdə saxlanılması daha yaxşı olar”.
E.Əfəndiyev qeyd edib ki, elektron dərsliklərdən istifadə ekoloji problemlərin azaldılmasına da töhfə verə bilər:
“Dərsliklərin bir hissəsinin məktəbdə saxlanılmasına və ya elektron dərsliklərdən istifadəyə gəlincə, biz elektron dərsliklərin tərəfdarıyıq. Düzdür, elektron cihazlardan uzun müddət istifadə göz sağlamlığına mənfi təsir göstərə, uzaq və yaxını görmə ilə bağlı problemlər yarada bilər. Bununla belə, elektron dərsliklərdən istifadə ekoloji problemlərin azaldılmasına da töhfə verə bilər. Çünki kağız istehsalı üçün ağacların kəsilməsi təbii mühitə mənfi təsir göstərir.
Bu baxımdan, elektron dərsliklər həm səmərəli, həm də daha əlçatan vasitədir. Xüsusilə ucqar rayon və kəndlərdə yaşayan şagirdlər elektron dərslikləri daha asan və qısa müddətdə əldə edə bilərlər. Bəzən ənənəvi dərsliklərin əldə olunmasında çətinliklər yaranır, elektron dərsliklərdən istifadə isə bu problemin aradan götürülməsinə kömək edə bilər”.