Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsinə müraciət edən “Crystal Residense” Mənzil-Tikinti Kooperativi (MTK) köhnə yaşayış evinin sökülməsi və mülkiyyətçinin yeni mənzillərlə təmin olunmaqla köçürülməsi tələbi ilə Ruslan Əliyevi məhkəməyə verib.

Plat.az-ın əldə etdiyi məlumata görə, iddiaçı, Əliyevin ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsindən çıxarılmasını, evin sökülməsini və yeni mənzillər təhvil verənədək aylıq 750 manat kirayə haqqı ödənilməsini tələb edib.

İddiada Ruslan Əliyevin Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən, ümumi sahəsi 90,60 kvadratmetr olan dördotaqlı mənzilin dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alındığı bildirilir. Sərəncamla 0,20 hektar torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə mülkiyyətçilərin razılığı əsasında icarəyə verilib.

Kooperativin mövqeyinə görə, ərazidə köhnə tikililərin sökülməsi və yerində çoxmənzilli binaların inşası nəzərdə tutulub və digər mülkiyyətçilərlə razılığa gəlinə bildiyi halda, Ruslan Əliyevlə razılığa gəlmək mümkün olmayıb.

İddiaçı daha sonra yeni mənzillərin daha geniş sahəli və təmirli ola biləcəyini, ilkin tələblərində isə üçüncü mərtəbədə yerləşən 120,05 kvadratmetrlik üçotaqlı və 66,69 kvadratmetrlik ikiotaqlı mənzillərin verilməsini istəyib. Həmçinin, təhvil verilənədək aylıq 750 manat kirayə haqqının ödənilməsi də tələb edilib.

Mülkiyyətçi isə çıxarışın dövlət qeydiyyatında olduğunu, mülkün texniki pasportunda ümumi sahənin 94,9 kvadratmetr göstərildiyini və ailəsinin altı nəfərdən ibarət olduğunu bildirib. O, torpaq sahəsində abadlıq işlərinin aparıldığını və yay mətbəxi ilə istirahət üçün şəraitin yaradıldığını qeyd edib.

O, sərəncamda daşınmaz əmlakların mülkiyyətçiləri ilə məsələlərin qarşılıqlı razılıq əsasında həll edilməli olduğu nəzərdə tutulsa da, razılıq əldə edilmədiyini vurğulayıb.

Ruslan Əliyev həmçinin digər sakinlərlə bağlanmış müqavilələrin məhkəməyə təqdim edilməsini istəyib. Onun iddiasına görə, kiçik sahəli mənzillərin mülkiyyətçilərinə daha böyük sahəli mənzillər təklif olunub və bərabərlik prinsipi təmin edilməyib. O, mövcud mənzilinin əvəzinə ümumilikdə 306 kvadratmetr sahəsi olan 3 mənzilin – iki 120 kvadratmetrlik üçotaqlı və bir 66 kvadratmetrlik ikiotaqlı mənzilin verilməsini istəyib.

Mülkiyyətçi, torpaq sahəsindəki mövcud şəraiti, uzun illər davam edən istirahət və ailə üçün qurulan şəraitin nəzərə alınmasını istəyib və iddiasının konstitusion mülkiyyət hüquqlarına müdaxilə olduğunu bildirərək icraatın rədd edilməsini xahiş edib.

Qərar əsasında Suraxanı Rayon Məhkəməsi Ruslan Əliyevə mövcud 90,60 kvadratmetrlik mənzilin əvəzinə yeni binada 120,05 kvadratmetrlik üçotaqlı və 48,87 kvadratmetrlik birotaqlı mənzillərin veriləcəyini, həmçinin ailə üzvləri ilə birlikdə köhnə mənzildən çıxarılaraq, təhvil verildiyi müddətə qədər aylıq 750 manat kirayə haqqı ödənilməsini qərar edib.

Ruslan Əliyev apellyasiya şikayəti ilə qətnamənin ləğvini və iddianın rədd edilməsini istəsə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya qərarını qismən dəyişdirərək, 66,69 kvadratmetrlik ikiotaqlı mənzilin verilməsinə qərar verib.

Ali Məhkəmənin qərarı ilə də kassasiya şikayəti təmin edilməyib; Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Beləliklə, məhkəmə mübahisəsi üzrə qüvvədə saxlanılan qətnaməyə əsasən, Ruslan Əliyev mövcud mənzilinin əvəzinə yeni binada ümumi sahələri 120,05 və 66,69 kvadratmetr olan iki mənzillə təmin olunmalı, yeni mənzillər təhvil verilənədək ona aylıq 750 manat kirayə haqqı ödənilməlidir.

Qeydlər: ölkədə kommersiya və yaşayış tikintisi ilə məşğul olan “Crystal Residense” MTK-nın qanuni təmsilçisi Hüseynli Vüqar Mövsüm oğlu olduğu bildirilir. Şirkətin vergi borcu isə 962,42 manatdır.