Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq. Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Dadaş Balakişi oğlu Dadaşzadənin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Hadisə ilə bağlı cinayət işinin istintaqı davam edir və keçirilən istintaq nəticəsində Dadaşzadə qismində təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. O, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Nəticədə D.Dadaşzadənin Monteneqro Respublikasının ərazisində olduğu yer müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda Dadaş Dadaşzadənin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir. Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.