Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Samruk-Kazyna Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdi.

Görüş əsnasında Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafına dair iki sənəd imzalandı. İlk sənəd AZCON ilə Qazaxıstanın Samruk-Kazyna Milli Rifah Fondu arasında “Xəzər körpüsü” (“Super Ferry”) Transxəzər yeni nəsil bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.

Layihə Ələt və Kurık limanları arasında müasir, yüksək tutumlu bərələr vasitəsilə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid nəqliyyat-logistika sisteminin formalaşdırılmasını hədəfləyir. Əsas məqsədlər dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtın azaldılması, daşımaların etibarlılığının artırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsidir. Bu addımlar Xəzər hövzəsində nəqliyyat əlaqələrinin möhkəmlənməsinə və beynəlxalq yük axınları üçün daha dayanıqlı logistika imkanlarının yaradılmasına töhfə verəcək.

Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması istiqamətində əməkdaşlığın prinsiplərini müəyyən edən əsas şərtlər sənədi AZCON Holding-dən olan“Azərbaycan Dəmir Yolları” QSC və Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında imzalandı.

Yeni terminalın yaradılması konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatları arasında inteqrasiyanın gücləndirilməsinə, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcək.

Layihə çərçivəsində terminalın əməliyyat və kommersiya fəaliyyətini həyata keçirəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Bu məqsədlə növbəti mərhələdə investisiya modelinin və maliyyələşdirmə şərtlərinin layihənin texniki-iqtisadi göstəriciləri əsasında dəqiqləşdirilməsi planlaşdırılır.

Eyni zamanda görüş zamanı korporativ idarəetmə və portfel şirkətləri arasında koordinasiya sahəsində təcrübə mübadiləsi aparılıb, Orta Dəhliz, dibdərinləşdirmə işləri, dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.