Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in Səhiyyə Nazirliyi ilə birləşdirilməsi və Anar Bayramovun nazir təyinatı səhiyyə sistemində ciddi narahatlığa səbəb olub. Bizimesr.info-ya daxil olan məlumata görə, uzun illərdir Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və digər struktur bölmələrinin rəhbərləri mümkün kadr dəyişikliklərindən narahatdırlar.
Mənbə bildirir ki, yaxın günlərdə nazirliyin tabeliyindəki bir sıra müəssisələrdə genişmiqyaslı yoxlamalar başlanılması gözlənilir. Yoxlamaların nəticəsindən asılı olaraq, əksər institutların direktorlarının dəyişdirilməsi gündəmdir. Həmçinin, səhiyyə sistemində ciddi struktur və idarəetmə dəyişikliklərinin aparılması planlaşdırılır.
İlkin yoxlamaların aşağıdakı qurumları əhatə edəcəyi iddia olunur: Analitik Ekspertiza Mərkəzi; Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi; İctimai Səhiyyə və İslahatlar Mərkəzi; Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi; C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu; Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu; K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu; Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu.
Mənbənin sözlərinə görə, bu proses ayrı-ayrı institutlarla məhdudlaşmayacaq və nazirlik tabeliyində fəaliyyət göstərən digər strukturların rəhbərlərinin də dəyişdirilməsi mümkündür. Qeyd olunur ki, monitorinq və yoxlamaların məqsədi idarəetmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə vəsaitlərinin istifadəsinin səmərəliliyinin artırılması və xidmət keyliyinin yüksəldilməsidir.
“Gözlənilən dəyişikliklərin məqsədi yalnız direktorların dəyişdirilməsi deyil, illər ərzində formalaşmış idarəetmə mexanizmlərinin yenilənməsidir” – deyə mənbə qeyd edir.