Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreynin Paytaxt Manamada keçirilən Manama Dialoqunun yekun panel müzakirəsində çıxış edərək bildirib ki, Cənubi Qafqazda bəyan edilmiş sülh yalnız region ölkələrinə deyil, bundan kənara da fayda verəcək konkret addımlar və real nəticələrlə müşayiət edilməlidir.

Nazir qeyd edib ki, regionda davam edən əməkdaşlıq prinsipləri uzunmüddətli sülh və təhlükəsizlik məqsədlərinə çevrilməlidir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız qonşu ölkələrin deyil, bölgədən kənarda yerləşən dövlətlərin də maraqlarına xidmət etməlidir.

O, bütün iştirakçı tərəflər üçün faydalı əlaqələr yaratmanın və maraqların uzlaşdırılmasının sülh və sabitliyin qorunması üçün kollektiv öhdəliyi gücləndirəcəyini deyib.

Ermənistanın Xarici İşlər Nazirinin vurğuladığı digər məqam TRIPP (“Tramp marşrutu”) layihəsinin əhəmiyyətidir. Layihə dəmir yolu, elektrik enerjisi, optik lif və neft-qaz infrastrukturunu əhatə edir.

Nazirin fikrincə, bu layihə yalnız Bakı ilə İrəvan arasındakı əlaqələri deyil, həm də Şərq–Qərb, Şimla–Cənub marşrutları arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.