Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, İspan mətbəxinin məşhur kartof tortilyası həm ucuz, həm də doyumlu olması ilə seçilir. Bir neçə əsas ərzqla hazırlanan yemək kartoflu omleti xatırladır və səhər yeməyi ilə günün digər saatları üçün uyğun hesab olunur.

Reçetin müəllifi “Laura Laurentiu” nəşridir. Ənənəvi kartof tortilyası yumurta və kartofdan ibarət olmaqla yanaşı, soğanla da dadını zənginləşdirir. Lazım olan əsas ərzaqlar aşağıdakılardır: 500 qram kartof, 5 ədəd orta ölçülü yumurta, 35 qram soğan (istəyə görə), 50 ml zeytun yağı, bir az su, duz və qara istiot.

Hazırlanma qaydası belədir: kartoflar soyulur, yuyulur və təxminən 3-4 millimetr qalınlığında dilimlərə doğranır. Soğan da nazik zolaqlar şəklində kəsilir. Tavada zeytun yağı orta atəşdə qızdırılır, kartof dilimləri əlavə edilərək qarışdırılır. Sonra soğan, duz və istiot əlavə olunur. Təxminən iki xörək qaşığı su tökülüb tavaya qapaq qoyulur və kartof zəif odda bişirilir. Dilimlərin bərabər bişməsi üçün hər beş dəqiqədən bir qarışdırılması tövsiyə olunur.

Bu vaxt yumurtalar ayrıca qabda duz və istiotla çalınır. Köpük yaranmamasına diqqət yetirilməlidir. Kartof bişdikdən sonra tavadan götürülərək yumurtaların üzərinə əlavə edilir və qarışdırılır. Alınan qarışıq yenidən tavaya tökülür, səthi hamarlaşdırılır və zəif-orta odla bişirilir. Təxminən 3 dəqiqə yarımdan sonra tortilyanın kənarları tavadan ayırıldıqda üzərinə böyük, yastı boşqab qoyulur. Tava ehtiyatla çevrilərək yeməyin digər tərəfi boşqaba keçirilir. Sonra tortilya yenidən tavaya qaytarılır və digər tərəfi də təxminən 3 dəqiqə bişirilir.

Hazır yemək bir qədər soyuduqdan sonra iri üçbucaq dilimlərə bölünərək süfrəyə verilir. Bu resept sadə və əlçatan ərzaqlarla İspan mətbəxinə məxsus doyumlu yeməyi evdə hazırlamağa imkan verir.