Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” təşəbbüsü ilə tədbirlər başlayıb. Özəlliklə cəmiyyətin media savadlılığını yüksəltmək, müasir informasiya mühitində bilik və bacarıqların artırılması, etibarlı məzmunun yaradılmasının stimullaşdırılması məqsədini daşıyan təşəbbüs gənclərin bu sahədə peşəkar inkişafına dəstək verməyi də hədəfləyir. Eyni zamanda yeni texnologiyaların təqdim etdiyi imkanlar barədə məlumatlılığın artırılması və rəqəmsal platformalarda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi nəzərdə tutulur.

Tədbirin ilk günü rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brendin formalaşdırılması və auditoriya ilə qarşılıqlı əlaqənin qurulması mövzularına həsr olunub. Təlimlərdə rəqəmsal marketinq və süni intellekt üzrə mütəxəssis Cəfər Nəcəfov “Rəqəmsal media trendləri və platforma alqoritmləri” mövzusunda çıxış edib. O, rəqəmsal platformaların fəaliyyət prinsipləri, alqoritmlərin məzmunun yayılmasına təsiri və müasir informasiya mühitində formalaşan yeni tendensiyalar barədə məlumat verib.

Kontent yaradıcısı Pərviz Sadıqov isə “Şəxsi brend və auditoriya ilə qarşılıqlı əlaqə: rəqəmsal kontent strategiyaları” mövzusunda çıxış edib. O, şəxsi brendin inkişaf etdirilməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi, sosial media üçün effektiv məzmun strategiyalarının hazırlanması və auditoriya ilə davamlı ünsiyyətin qurulması məsələlərinə toxunub.

Təlim proqramı mövzu ətrafında müzakirələr və sual-cavab sessiyaları ilə davam edib. Noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkil ediləcəyi bildirilib. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi mövzulara xüsusi diqqət ayrılacaq.