“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi peşə borcunu yerinə yetirən media nümayəndələrinə qarşı zorakılıq, təzyiq və fiziki maneə törədilməsinin qətiyyətlə pisləndiyini bildirir. Son dövrdə REAL TV və APA İnformasiya Agentliyinin əməkdaşlarının peşə fəaliyyəti əsnasında qanunsuz müdaxilələrə, təzyiqlərə və zorakı addımlara məruz qaldıqları qeyd olunur ki, bu hal ölkədə söz və mətbuat azadlığına və jurnalistlərin təhlükəsizliyinə ciddi təhdid yaradır. Media qurumları və onların işçilərinin sərbəst fəaliyyəti cəmiyyətin obyektiv məlumat almaq hüququnun təminatı üçün əsas şərtdir. Jurnalistlərin fəaliyyətinə mane olmaq, onlara güc və ya psixoloji təzyiq tətbiq etmək qəbuledilməzdir və qanunvericiliklə müəyyən edilmiş qaydada sərt tədbirlərlə cəzalandırılmalıdır. Birlik müvafiq qurumları bu insidentləri dərhal, obyektiv şəkildə araşdırmağa, jurnalistlərin təhlükəsizliyini təmin etməyə və qanunsuz addım atanları məsuliyyətə cəlb etməyə çağırır. “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin İdarə Heyəti hər zaman həmkarlarının hüquqlarının müdafiəsində qətiyyətli dayanacaq və belə neqativ vəziyyətlərin aradan qaldırılması üçün təsirli addımların atılması üçün səyləri artıracaqdır.