Cənubi Qafqazda geosiyasi gərginliyin davam etdiyi vaxtda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla hərbi-texniki əlaqələri yenidən diqqət mərkəzinə düşüb. Mayın 28-də keçirilən hərbi parad zamanı nümayiş etdirilən “Sepehr-110” rəqəmsal taktiki rabitə platformasının SEPAH tərəfindən Ermənistana ötürüldüyü müəyyən edilib.

Rəsmi açıqlamalarda 2019-cu ilin iyulunda SEPAH-ın mühəndis-konstruktor qrupu tərəfindən işlənib-hazırlanması bildirilən sistem çoxşaxəli kommunikasiya və komanda-idarəetmə funksiyalarını yerinə yetirmək üçün layihələndirilib. O, müxtəlif diapazonlarda səsli məlumatları, rəqəmsal paketləri, telemetriya və görüntüləri real vaxt rejimində mərkəzə ötürmək qabiliyyətinə malikdir.

Hərbi təhlilçilər qeyd edirlər ki, Sepehr-110-un işləkliyi onun qoşulduğu ümumi rabitə və peyk infrastrukturundan asılıdır. İranın üzləşdiyi beynəlxalq sanksiyalar nəticəsində yüksək səviyyəli rəqəmsal komponentlərə çıxış məhdud ola bilər və buna görə sistemdə Çin mənşəli və ya qeyri-qanuni kanallardan əldə edilmiş mülki detal və elementlərin istifadə olunduğu ehtimal edilir. Bu məqam onun ekstremal döyüş şəraitində etibarlılığına dair suallar yaradır.

Mütəxəssislər vurğulayırlar ki, Sepehr-110 birbaşa hədəfi məhv edən zərbə silahı deyil, mobil komanda-idarəetmə və informasiya mübadiləsi sistemi olmaqla, ordunun idarəetmə və kəşfiyyat imkanlarını gücləndirir. Etibarlı uzaqmənzilli və peyk rabitəsi olmayanda bu tip platformaların effektivliyi məhdudlaşır.

Məsələ Azərbaycanın milli təhlükəsizliyi baxımından də narahatlıq doğurur. Siyasi ekspert Əli Əkbəroğlu bildirib ki, SEPAH-ın Ermənistana belə sistemlərin ötürülməsi təsadüfi addım deyil və Tehran Cənubi Qafqazda qeyri-sabitliyi saxlamağa yönələn siyasəti davam etdirir: "İran hər zaman regional təhlükəsizlikdən danışsa da, əməldə Ermənistanın hərbi imkanlarının gücləndirilməsinə, revanşist qüvvələrin silah və texnoloji vasitələrlə təchiz olunmasına gizli dəstək verir."

O, həmçinin bildirmişdir ki, “Sepehr-110” orduların idarə olunması, kəşfiyyat məlumatlarının toplanması və bölmələrin döyüş uzlaşması baxımından əhəmiyyətli rol oynayır və xarici dəstək vasitəsilə Ermənistan ordusunun modernləşdirilməsi regionda davamlı gərginlik mənbəyi yaradır.

Ekspert əlavə edib ki, İran rəhbərliyi anlamalıdır ki, Zəngəzur istiqamətində baş verən bu cür hərbi-texniki sövdələşmələr Azərbaycanın müəyyən mövqeyi qarşısında nəticəsiz qalacaq: "Azərbaycan dövləti və onun güc strukturları sərhədlərimizdəki şübhəli hərbi-texniki fəaliyyətləri yaxından izləyir və ölkənin təhlükəsizliyinə yönələn təhdidlərin qarşısını almaq üçün adekvat tədbirlər görməyə qadirdir."