Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədri xəsarət alıb. Hadisə dünən axşam baş verib. Teleqraf xəbər verir ki, məclisə toydan əvvəlki axşam keçirilən «Ciyər axşamı» mərasimi zamanı Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədovla kəndin bələdiyyə sədri Tərlan Səlimov arasında mübahisə baş verib. İddialara görə, mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka ilə zərbə endirib. Hadisənin qəzəblə baş verdiyi bildirilsə də, bələdiyyə sədri iradını bildirib və daha sonra baş nahiyəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya aparılıb, başına tikiş qoyulub. Hadisə ilə bağlı Şəki Rayon Polis İdarəsində araşdırma başlanıb. Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri olduğu bildirilir.