Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya verdiyi müsahibəsində valideynlərə müraciət edib. O bildirb ki, bu məsələdə əsas məsuliyyət valideynlərə aiddir: hər bir valideyn övladının dərsə davamiyyətinə, məktəbin qaydalarına əməl etməsinə və tərbiyəsinə görə məsuliyyət daşıyır. Dərsə davamlı gəlməmək şagirdin biliyində boşluqlar yaradır və qiymətləndirməyə təsir edir. Maarifləndirmə işlərinə üstünlük verilməsinin vacibliyi vurğulanıb.
Müəllimlərlə bağlı məsələlərin isə əmək münasibətləri və qanunvericiliyə görə tənzimləndiyi qeyd edilib. Geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət olunmasının müəllimlərin peşə fəaliyyətinə və əmək intizamına aid olduğu bildirilir. İşə qəbul edilmiş şəxs əmək müqaviləsi, daxili intizam qaydaları və qanuni qaydada tətbiq olunan tələbləri icra etməli, üzrlü səbəb olmadan işdən çıxmama və ya vəzifə öhdəliklərinin pozulması kimi hallar qəbuledilməz hesab olunur.
Qurbanov həmçinin vahid geyim qaydalarına riayət olunmasına dair monitorinqlərin davam etdiriləcəyini deyib: “Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən aparılan bu monitorinqlər həm təhsilalanların, həm də təhsilverənlərin geyim qaydalarını əhatə edir. Monitorinqlərin məqsədi yalnız kiminsə nə geyindiyini qeydə almaq deyil, qaydaların məktəblərdə necə izah və icra edildiyini, rəhbərliyin üzərinə düşən nəzarət və maarifləndirmə işlərini nə dərəcədə yerinə yetirdiyini də izləməkdir. Başqa sözlə, həm şagirdin, həm müəllimin, həm də məktəb idarəçiliyinin məsuliyyətinə baxılır”.