Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, 2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə edə biləcəklər. Kampaniyanın məqsədi təhsil işçilərinə əlavə güzəşt imkanları yaratmaqdır.
Kampaniya 2-30 noyabr 2026-cı il tarixlərini əhatə edir və Bakı metrosu ilə avtobuslarda keçərlidir. TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cümə gününədək ilk gedişi 1 qəpik təşkil edəcək.
Güzəşt kart üzrə gündə bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və növbəti gedişlər standart tariflə hesablanır. Bununla yanaşı, TəhsilPlus kartı ilə ictimai nəqliyyat üzrə ödənişlərə 10% bonus da tətbiq edilir.
Hazırda TəhsilPlus kartlarının ölkə üzrə təhsil işçilərinə təqdimatı mərhələli şəkildə davam edir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışanlar kart ilə təmin olunur. Aktiv kart istifadəçilərinin sayı 185 mindən keçib.
Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-in birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart əməkhaqqı və debet kartı funksiyalarını birləşdirir və təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Həmçinin kart istifadəçiləri ictimai nəqliyyatla yanaşı, layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət və istirahət sahələrində endirimlər və bonuslardan yararlana bilirlər.