Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, Rusiyanın postsovet məkanında yürüddüyü siyasət və region ölkələrinə münasibəti Moskvanın keçmiş imperiya sərhədlərini bərpa etmək niyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Bəs Kremlin əsas strateji hədəfi keçmiş SSRİ-ni faktiki olaraq bərpa etmək və bunun ardınca Çar Rusiyasının sərhədlərini yenidən qurmaqdırmı?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya hazırkı siyasəti daha geniş geosiyasi və neoimperialist məqsədlərə söykənir.

“Rusiya imperiya sərhədlərini bərpa etmək ideyasından heç vaxt tamamilə imtina etməyib. Əksinə, Moskvanın əvvəlcə keçmiş SSRİ-nin, daha sonra isə Çar Rusiyasının sərhədlərini bərpa etməyə çalışdığına dair ciddi iddialar mövcuddur.

Rusiyada neoimperialist ideologiyanı müdafiə edən və bu hədəflərin həyata keçirilməsini vacib sayan güclü siyasi dairələr var. Onların bir qismi hakim elita daxilində təmsil olunur və Kremlə yaxınlığı ilə seçilir”.

Elçin Xalidbəyli hesab edir ki, imperiya sərhədlərinin bərpası ideyası Rusiya üçün sadəcə xarici siyasət istiqaməti deyil, həm də mövcud siyasi sistemin ideoloji dayaqlarından biridir. Onun fikrincə, Kreml bu ideologiyadan imtinanın ölkənin daxili sabitliyinə və gələcək mövcudluğuna mənfi təsir göstərə biləcəyini düşünür.

Politoloqun qənaətinə görə, məhz bu yanaşma Rusiyanın keçmiş SSRİ sərhədlərini bərpa etmək cəhdlərini, eləcə də daha geniş imperiya ambisiyalarını izah edən əsas amillərdən biridir. O, bildirib ki, Moskva təhlükəsizlik və geosiyasi mövqelərini möhkəmləndirmək məsələlərinə də neoimperialist hədəflər prizmasından yanaşır.

Bununla belə, Xalidbəyli vurğulayıb ki, dünya sürətlə dəyişir və imperiyaların əvvəlki formada bərpası getdikcə daha mürəkkəb prosesə çevrilir. Buna baxmayaraq, Rusiyanın mövcud siyasi kursunu davam etdirməsi beynəlxalq münasibətlərdə yeni gərginliklərə və ciddi problemlərə yol aça bilər.

Beləliklə, politoloqun fikrincə, Kremlin keçmiş imperiya sərhədlərini bərpa etmək istəyi Rusiyanın strateji yanaşmasının mühüm tərkib hissəsidir. Lakin bu hədəflərin nə dərəcədə reallaşa biləcəyi beynəlxalq siyasi proseslərdən, region ölkələrinin mövqeyindən və Rusiyanın imkanlarından asılı olacaq.