Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Xarkov vilayətindəki Peçeneqi qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində ilkin məlumata görə 10 nəfərin həyatını itirdiyini açıqlayıb.

Zelenski tərəfindən verilən məlumatda zərbənin poçt binası, ticarət obyektləri və yaşayış evlərinin yerləşdiyi, insanların sıx olduğu yolayrıcına yönəldildiyi bildirilib.

Prezident bildirib ki, hadisə zamanı müxtəlif xəsarətlər alan çoxsaylı insanlar var və onlara zəruri tibbi yardım göstərilir. O, həlak olanların ailələrinə başsağlığı verib.

Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov da sosial şəbəkədə Rusiya ordusunun Peçeneqiyə raket zərbəsi endirdiyini təsdiqləyib.

Zelenski hadisəni faciə kimi qiymətləndirib və Rusiyanın bu hücumuna mütləq cavab veriləcəyini deyib.