QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskiylə danışıqlardan sonra Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Ərdoğan Yeni Şafak qəzetinə verdiyi müsahibədə Zelenskiyin Türkiyəyə səfəri zamanı Ukraynadakı nizamlanmaya dair üçtərəfli görüşün ətraflı müzakirə olunduğunu söyləyib. O, Moskva ilə Kiyev arasındakı toqquşmanın dayandırılması üçün diplomatik addımların prioritet olduğunu vurğulayıb.
"Türkiyə sülh yolunu açmaq üçün hər şeyi edir və etməyə davam edəcək. Zelenskiylə bu görüşdən sonra məsələnin rus tərəfi ilə müzakirəsinə keçmək, Putinlə görüş təşkil etmək istəyirik", — Ərdoğan deyib. O əlavə edib ki, bu görüşün hazırlanması üçün xüsusilə xarici işlər naziri Hakan Fidanın həmkarları ilə görüşləri keçiriləcək.
Bundan əvvəl Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və Ukrayna böhranının nizamlanması üzrə danışıqların bərpası səylərini dəstəkləməyə hazır olduğunu bildirib.