QafqazNews TASS-a istinadən xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nüvə yayılmasının qarşısının alınması rejiminə istinadın tez-tez siyasi məqsədlərlə, reallığa əsaslanmadan istifadə olunduğunu bildirib.

Medvedev Moskva Beynəlxalq Hüquq Jurnalı üçün yazdığı "Dövlət suvereniteti və nüvə silahı: milli təhlükəsizliyin təmin olunmasının beynəlxalq-hüquqi aspektləri" məqaləsində qeyd edib ki, Vaşinqton bu rejimin müdafiəsi bəhanəsi ilə İrana hücum edib, halbuki Tehran əslində nüvə silahının yayılmamasına sadiqliyini sübut edib.

Onun sözlərinə görə, İran sülhməramlı nüvə energetikası sahəsində danışıqlara və yoxlamalara tam açıq olmaqla nüvə silahına yiyələnmək istəmədiyini təsdiqləyib. Hətta nüvə bombaları ilə birbaşa təhdidlərə və mülki nüvə obyektlərinə qarşı aqressiyaya baxmayaraq iranlılar hələlik Müqavilə üzrə qeyri-nüvə dövləti statusundan imtina etmirlər.

Medvedev əlavə edib ki, Vaşinqtonun fikrincə İran nüvə sahəsini inkişaf etdirə bilməz, halbuki qonşu Səudiyyə Ərəbistanına ABŞ tərəfindən belə imkanlar hətta təşviq edilir. Təhlükəsizlik Şurası sədr müavininin qiymətləndirməsinə görə, bu, ABŞ-ın nüvə yayılmasının qarşısının alınması sahəsində ikili standartlara malik olduğunu və bu siyasətin yalnız geosiyasi səbəblərdən — düşmən hesab edilən dövlətlərə məhdudiyyətlər tətbiq etmək məqsədindən qaynaqlandığını göstərir.