QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda müəyyən ikinci əl avtomobillərin satışında ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Bu barədə müddəa Vergi Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Layihəyə əsasən, avtomobil satışı ilə məşğul olan rəsmi dilerlərdə istehsal tarixindən beş ildən çox keçməmiş və yalnız nağdsız ödənişlə alınmış işlənmiş avtomobillərin satışı üzrə üç il müddətində ƏDV ticarət əlavəsinə tətbiq edilə bilər.

Sənəddə bildirilib ki, rəsmi diler şəbəkələri ilə müzakirələrdə əsas diqqət istehsal tarixindən beş ildən çox keçməmiş avtomobillərin alqı-satqısında yaranan yüksək ƏDV yükünə yönəlib.

Dilerlərin daxili qaydalarına görə, bu avtomobillər komisyon qaydada satılmır: nəqliyyat vasitəsi əvvəlcə diler tərəfindən alınır, sonra isə yenidən satışa çıxarılır. Buna görə hazırda vergi avtomobilin tam satış qiyməti üzərindən hesablanır və yük yalnız dilerin qazandığı ticarət fərqinə deyil, ümumi məbləğə düşür.

Layihədə vurğulanır ki, bu qayda iqtisadi baxımdan oxşar olan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlərə daha yüksək vergi yükü yaradır. Bunun qiymətlərin bahalaşmasına, rəsmi satış kanallarının rəqabət imkanlarının zəifləməsinə və qeyri-rəsmi dövriyyənin artmasına şərait yaratdığı qeyd olunur.

Bu səbəblə istehsalından beş ildən artıq vaxt keçməyən ikinci əl avtomobillərin rəsmi dilerlər tərəfindən satışında ƏDV-nin yalnız ticarət əlavəsindən, yəni marjadan hesablanması məqsədəuyğun sayılıb. Sənədə əsasən, bu mexanizm vergitutmanın iqtisadi mahiyyətinə uyğun gəlməklə yanaşı, rəsmi bazarın inkişafına, şəffaflığın yüksəlməsinə və orta, uzunmüddətli dövrdə vergi daxilolmalarının artmasına xidmət edə bilər.