QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ərini yandırdığına görə saxlanılan dörd uşaq anası ötən gecə övladları ilə görüşüb. Qadının uşaqlarına qovuşduğu anı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
Zeynalovanın bildirdiyinə görə, qadın 14 yaşında valideynlərini itirib, daha sonra yetkin yaşlı şəxslə rəsmi nikah olmadan ailə qurub. O, illərlə ağır məişət zorakılığına məruz qalıb.
2026-cı il avqustun 20-də qadının həyat yoldaşı evə benzin gətirərək ailə üzvlərini yandıracağı ilə hədələyib. Övladlarının həyatı üçün narahat olan qadın kişinin ayağına benzin töküb və onu yandırıb.
Hadisədən sonra qadın dövlət qurumlarına müraciət edərək həbs edilməsini istəyib. Lakin qarşı tərəf şikayət etmədiyinə görə o vaxt saxlanılmayıb, daha sonra sığınacağa yerləşdirilib.
Mehriban Zeynalovanın sözlərinə əsasən, qadın sənədlərlə bağlı ASAN Xidmətə gedərkən polis əməkdaşları onu saxlayıblar. 48 saatlıq saxlanmadan sonra məhkəmə keçirilənədək yenidən sığınacağa qaytarılıb.
Zeynalova deyib ki, həmin günlərdə qadının dörd övladı onun yolunu gözləyib. Nəhayət, ötən gecə ana uşaqları ilə bir araya gəlib.
“İndi isə məhkəmənin onun barəsində verəcəyi qərarı gözləyirik. Ən böyük arzumuz və ümidimiz bu ananın övladlarının yanında qalması və onlardan ayrı düşməməsidir”, – Mehriban Zeynalova bildirib.