Ölkə üzrə yeni və ikinci əl avtomobil bazarında Hyundai markasına qarşı tələbat artır. Xüsusilə Sonata, Elantra və Accent modellərinə olan maraq son vaxtlar yüksəlməkdə davam edir. NOCOMMENT.az xəbər verir ki, elanlar üzrə son qiymət göstəriciləri də bu trende işarə edir: həm köhnə, həm də müasir nəsil modellərin dəyəri yüksək səviyyədə qorunur.

Bazarın cari mənzərəsinə əsasən, 2024–2025-ci illərin yeni Sonata və Elantra modelləri 42 000 AZN-dən başlayaraq 56 500 AZN-ə qədər olan qiymətlərlə təqdim edilir. İstifadə olunmuş seqmentdə isə 2019–2022-ci il tərkibli Sonata modelləri 30 900–35 900 AZN, daha köhnə (2009–2014) nəsil nüsxələr isə 14 000–24 500 AZN qiymətlə qeyd olunur.

Qiymət artımında və yüksək tələbdə əsas rol oynayan amillərdən biri Cənubi Koreya brendinin ehtiyat hissələrinin həm orijinal, həm də analoq variantlarının bazarda rahat mövcudluğu ilə yanaşı, təmir xərclərinin digər markalara nisbətən əlverişlidir. Bu faktorlar alıcılar üçün seçimdə həlledici rol oynayır.

Elanlarda qeyd olunur ki, Hyundai modelləri Azərbaycanda sürətlə satılan və yüksək likvidliyə malik nəqliyyat vasitələri hesab olunur; sahibləri bu avtomobilləri ikinci əl bazarında minimal dəyər itkisi ilə və çox qısa müddətdə nağd pula çevirə bilirlər.

Xüsusilə 1.6L və 2.0L mühərriklərə sahib Elantra və Sonata modelləri şəhər içi sürüş üçün sərfəli yanacaq sərfiyyatı və geniş salon rahatlığı təqdim edir. Bundan əlavə, Accent və Elantra modellərinin fərdi istifadə və xidmət-taksi sahəsində davamlılığı onların işlənmiş bazarda qiymət stabilliyini qorumasında rol oynayır.

Ekspertlər isə bildirir ki, yeni avtomobil idxalına tətbiq olunan rüsumlar və digər brendlərin ehtiyat hissələrində müşahidə olunan logistika çətinlikləri fonunda Hyundai modellərinə olan maraq və qiymət artımı tendensiyası yaxın dövrlərdə də davam edə bilər.