Uşaq yaşlarından səhnəyə çıxan və uzun müddət Türkiyə şou-biznesinin tanınmış simalarından olan Emrah Ərdoğan, yaxında daşınmaz əmlak portfelini gündəmə gətirib. İddialara görə, müğənninin kirayə verdiyi mənzillərdən hər ay yüksək məbləğlər əldə etdiyi bildirilir.
“Yeni Sabah” qəzetinin verdiyi xəbərə görə, sənətçinin İstanbul və Bodrum bölgəsində yüzlərlə mənzilə sahib olduğu qeyd olunur. Kirayə gəlirlərinin ayda təxminən 300 min dolları və ya on milyon lirəni keçdiyi iddia olunur. Əmlaklarının sayı ilə bağlı fərqli rəqəmlər səslənir: bəziləri onun 200-dən çox, digərləri isə 300-dən artıq mənzili olduğunu yazır.
İddialara görə, Emrah daşınmaz əmlaka olan sərmayəsini artırmaq üçün İstanbulda təxminən 3 milyon dollara idman kompleksi alıb. Sonra həmin binadakı 12 mağaza və bir dubleks mənzili də əlavə edib. Məlumatlarda Şişli rayonunda mənzil aldığı və Bodrumda isə 8 milyon lirə dəyərində villa sahibi olduğu qeyd edilir.
Bəzi mənbələr, sənətçinin bir vaxtlar təxminən 300 mənzili sataraq vəsaiti daha böyük layihələrə yönəltdiyini də bildirir. Lakin hazırda onun neçə mənzilə sahib olduğu və kirayədən nə qədər gəlir əldə etdiyinə dair rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Emrahın maliyyə vəziyyəti ilə bağlı 2022-ci ildə məhkəmə çəkişməsi zamanı müzakirələr baş verib. Bölgə xəbərlərinə görə, həmin dönəmdə aylıq gəlirin təxminən 400 min lirə olduğu bildirilib.