Azərbaycan Dəmir Yolları QSC (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatını qarşılamaq və səyahət imkanlarını genişləndirmək məqsədilə sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik dörd reys təşkil edir. Bunun nəticəsində sərnişin yerlərinin ümumi sayı 386-dan 564-ə yüksələcək. Bu addım yaxın dövrdə sərnişinlərə daha sərfəli səyahət imkanı və büdcə uyğun variantlar təqdim edir. Yeni reyslərdə standart sinif üzrə biletlərin qiyməti 36 AZN-dən başlayacaq və sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Bir istiqamət üzrə minimum gediş haqqı Bakıdan Tbilisi yönündə 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə 36 AZN təşkil edir. Hazırda Bakıdan Tbilisiyə komfort sinifində minimum gediş haqqı 77,5 AZN, Gəncədən isə 56,8 AZN-dir. Əlavə reyslər həm gecə, həm də gündüz səfərləri üçün səyahət imkanını artırır və sərnişinlərə tarixi öz planlarına uyğun vaxt seçmək imkanı verir. Yeni qrafikə əsasən, mövcud qatar Bakıdan saat 23:10-da yola çıxır və növbəti gün saat 08:41-də Tbilisiyə çatır; Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olur. Yeni reys isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamət saat 22:00-da hərəkətə başlayır və növbəti gün saat 07:57-də Bakı şəhərinə qayıdır. Əlavə reyslərin istifadəyə verilməsi tərəflərin texniki və təşkilati işləri uğurla tamamlamasından sonra mümkün olub. ADY bey­nəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması ilə bağlı işləri davam etdirəcək.