Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda oktyabr ayında hava iqlim normasından 3 dərəcə yuxarı olub. Milli Hidrometeorologiya Xidməti tərəfindən paylaşılan məlumata görə, ay ərzində havanın temperaturu normadan 25 gün yuxarı (1–8 dərəcə), 3 gün isə normadan aşağı (1–6 dərəcə) olub, 3 gün isə temperatur iqlim normasına uyğun gəlib. Orta aylıq temperaturlar 19 dərəcə isti olmaqla, bu göstərgə iqlim normasından 3 dərəcə yüksəkdir.
Bakı və Abşeron yarımadasında ən yüksək temperatur oktybarın 18-də 30 dərəcə isti kimi ölçülüb. Sumqayıtda isə bu göstərici 30 dərəcə olub, bölgələrdə isə oktyabrın 14-də Zəngilan bölgəsində 34 dərəcə isti qeydə alınıb. Minimal temperatur Bakı və Abşeron yarımadasında oktyabrın 4-də 10 dərəcə isti təşkil edib, yüksək dağlıq ərazilərdə isə həmin tarixdə Şahdağda 5 dərəcə şaxta müşahidə olunub.
Oktyabr ayı ərzində fasilələrlə yağıntılı hava şəraiti davam edib, bəzi günlərdə şimşəklər çaxıb, leysan xarakterli yağışlar da qeydə alınıb. Dağlıq ərazilərə sulu qar və qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm olub. Ümumilikdə, ay ərzində bölgələr üzrə 30 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 441 faizi olmaqla 199 mm (Neftçala), Balakən–Şəki zonasında aylıq normanın 238 faizi olmaqla 206 mm (Şəkinin Kişçay ərazisi), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 448 faizi olmaqla 84 mm (Neft Daşları) təşkil edib.
Oktyabr ayı ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatala rayonunun Yuxarı Tala kəndində, Şəki rayonunun Oxud və Kişçay kəndlərində, eləcə də Şahbuz rayonunun Biçənək kəndində dolu müşahidə olunub. Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb, diametri 18–20 mm olub.
Ay ərzində Bakı və Abşeron yarımadasında 4 gün, bölgələrdə isə 11 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 20 m/s təşkil edib.