Qalatasaray-ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği bilinib. Məlumatı klubun oyunçusu ilə bağlı danışıqları aparan agent Vladimir Kuzmiçev yayıb. Onun sözlərinə görə, 21 yaşlı futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği 55 milyon avro təşkil edir.
Kuzmiçev Avropanın aparıcı klublarının hazırda Batrakova konkret maraq göstərməsi barədə informasiya olmadığını bildirsə də, gələcəkdə alıcıların futbolçunun yeni komandasında və fərqli çempionatda çıxışını izləmək istədiklərini qeyd edib.
Agentin fikrincə, bir neçə oyunun nəticəsinə əsasən futbolçunun gələcəyi ilə bağlı yekun qərar vermək düzgün olmaz.
Qeyd edək ki, Aleksey Batrakov 2026-cı ilin yayında Moskva Lokomotivindən Qalatasaray-a 25 milyon avroya transfer olunub. İstanbul təmsilçisi ilə onun müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Razılaşmaya görə Lokomotiv futbolçunun gələcək satışından əldə ediləcək mənfəətin 15 faizini alacaq.