Qafqaz News Bakupost.az-a istinadən xəbər verir ki, Bakupost Milli.az-a istinadla yayılan məlumata görə, 2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə edə biləcəklər. Kampaniya 2–30 noyabr 2026-cı il tarixlərini əhatə edir və Bakı metrosu ilə avtobuslarda keçərlidir. TəhsilPlus kartı ilə “Əpl Pey” və ya “Quql Pey” vasitəsilə NFC ödənişi edən istifadəçilərin, bazar ertəsindən cümə gününə qədər, ilk gedişi 1 qəpik təşkil edir. Güzəşt kart üzrə gündə bir dəfə tətbiq olunur; gün ərzində ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır. Bununla yanaşı, TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə 10% bonus da tətbiq olunur. Hazırda ölkə üzrə TəhsilPlus kartlarının təqdimatı mərhələli şəkildə davam edir; ilkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb, aktiv kart istifadəçilərinin sayı isə 185 min nəfəri ötüb. Qeyd edək ki, layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart həm əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirir, həm də təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi istifadə olunur. Həmin kart istifadəçiləri ictimai nəqliyyatda, eləcə də layihənin tərəfdaş şəbəkəsinə daxil olan müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət və istirahət sahələrində endirim və bonuslardan yararlana bilirlər.